ADPU-da “El bilir ki, sən mənimsən…” Respublika elmi-praktik konfransı keçirilib

677161875_1473565044556188_4737441380943602622_n.jpg
1 / 16

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinin təşkilatçılığı ilə görkəmli şair Səməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş “El bilir ki, sən mənimsən…” adlı Respublika elmi-praktik konfransı təşkil olunub.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, professor Cəfər Cəfərov iştirakçıları salamlayaraq konfransın əhəmiyyətindən bəhs edib.

Daha sonra böyük sənətkarın həyat və yaradıcılığını əks etdirən videoçarx nümayiş olunub.

Ədəbiyyat kafedrasının professoru Təyyar Salamoğlu, akademik Muxtar İmanov, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı Aslan Salmansoy, Bakı Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı kafedrasının dosenti Məti Osmanoğlu, şair Səlim Babullaoğlu çıxış edərək Səməd Vurğun poeziyasının tarixi inkişaf mərhələləri, onun təkamülü, eləcə də çap olunmamış əsərləri və onların üzə çıxma səbəbləri barədə məruzələr təqdim ediblər.

Şairin ailə üzvü olan Vaqif Səmədoğlu Mərkəzinin təsisçisi və rəhbəri, dosent Nüşabə Vəkilova çıxış edərək tədbirin yüksək səviyyədə təşkilinə görə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinin rəhbərliyinə minnətdarlıqlarını bildirib, öz xatirələrini bölüşüblər.

Filologiya fakültəsinin dekanı, dosent Könül Həsənova çıxış edərək konfransın elmi və mənəvi əhəmiyyətini vurğulayıb, tədbirin yalnız yubiley xarakteri daşımadığını, eyni zamanda Səməd Vurğun irsinin müasir ədəbi düşüncə kontekstində yenidən dəyərləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb etdiyini bildirib.

Tədbirin bədii hissəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinin nəzdində fəaliyyət göstərən “Meh” ədəbi dərnəyinin üzvləri Səməd Vurğunun əsərlərindən səhnəciklər təqdim edib, şeirlərini səsləndiriblər.

Konfrans daha sonra bölmələr üzrə təşkil olunan plenar iclaslarla davam etdirilib.