Azərbaycan Dövlət Pedaqoji Universitetində Filologiya fakültəsinin təşkilatçılığı ilə “Azərbaycan dilçiliyi XXI yüzillikdə: reallıqlar, perspektivlər” adlı II Respublika Elmi Konfransı keçirilib

707127387_1503083938270965_919327834247321649_n.jpg
1 / 13

Respublikamızın müxtəlif ali təhsil müəssisələrindən alim və tədqiqatçıların iştirak etdiyi konfrans Azərbaycan dilçiliyinin aktual problemlərinin müzakirəsi, yeni elmi yanaşmaların təqdim olunması və müasir dövrdə dilçilik elminin perspektiv istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyıb.

Konfransın açılış mərasimində giriş sözü ilə çıxış edən ADPU-nun rektoru professor Cəfər Cəfərov tədbir iştirakçılarını salamlayaraq belə elmi konfransların Azərbaycan dilçiliyinin inkişafında mühüm rol oynadığını vurğulayıb. Rektor konfransın elmi fikir mübadiləsi baxımından məhsuldar olacağına əminliyini ifadə edərək iştirakçılara uğurlar arzulayıb.

Daha sonra çıxış edən ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru professor Mahirə Hüseynova Azərbaycan dilinin milli kimliyimizin əsas sütunlarından biri olduğunu qeyd edib. O bildirib ki, dil yalnız ünsiyyət vasitəsi deyil, həm də xalqın tarixi yaddaşını, mədəniyyətini, mənəvi dəyərlərini yaşadan ən mühüm amildir. Prorektor qeyd edib ki, bu cür elmi konfranslar həm milli elmi potensialın gücləndirilməsinə, həm də Azərbaycan dilçiliyinin beynəlxalq miqyasda təbliğinə mühüm töhfə verir.

ADPU-nun Müasir Azərbaycan dili kafedrasının professoru İbrahim Bayramov, Azərbaycan dilçiliyi kafedrasının müdiri prof. Həcər Hüseynova, BDU-nun Azərbaycan dilçiliyi kafedrasının professoru Zemfira Şahbazova, Azərbaycan Texniki Universitetinin Humanitar fənlər kafedrasının müdiri dosent Həbib Mirzəyev, BDU-nun Azərbaycan dilçiliyi kafedrasının baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Ramil Bayramov aktual dilçilik problemlərinə dair məruzələrlə çıxış ediblər.

Rəsmi açılış mərasimindən sonra konfrans öz işini bölmə iclasları ilə davam etdirib.