British Council təhsil sahəsində, xüsusilə də ingilis dili müəllimlərinin davamlı peşəkar inkişafı yönümündə bir çox uğurlu layihələr həyata keçirir. Belə ki, British Council 4 ildir ki, Elm və Təhsil Nazirliyi, eləcə də Təhsil İnstitutunun əməkdaşlığı ilə ingilis dili müəllimlərinin davamlı peşəkar inkişafını dəstəkləmək məqsədilə Onlayn Müəllim İcması (OTC) adlı layihə həyata keçirir. Azərbaycanda 4 il ərzində Bakı və region məktəblərindən 6000-dən artıq müəlllim proqramda iştirak etmişdir. 2026-ci ildə proqramın formatı bir qədər dəyişdirilərək tələbələrə uyğunlaşdırılmışdır.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsində Xarici dil müəllimliyi (ingilis dili) ixtisası üzrə təhsil alan tələbələr bu beynəlxalq proqramda uğurla iştirak ediblər. Belə ki, fakültənin 28 tələbəsi British Council tərəfindən təşkil olunan proqramı uğurla başa vuraraq Achievement Certificate əldə ediblər. Qeyd edək ki, onlardan 20 nəfəri III, 8 nəfəri isə IV tədris ili tələbələridir.
Tələbələrə sertifikatlar ADPU-nun rektoru professor Cəfər Cəfərov və Filologiya fakültəsinin dekanı dosent Könül Həsənova tərəfindən təqdim olunmuşdur. Tədbirdə həmçinin ADPU-nun Tədris işləri üzrə prorektoru dosent Eldar Aslanov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Günay Məhərrəmova, müəllim və tələbələr iştirak ediblər.
Tələbələrin bu uğuru onların peşəkar inkişafına, ingilis dili üzrə bilik və bacarıqlarının artırılmasına mühüm töhfə verməklə yanaşı, universitetin beynəlxalq əməkdaşlıq sahəsində fəaliyyətinin də uğurlu nəticəsidir.
